İdrak Nəcəfov və Kamran Məmmədovdan, Şəki, Azərbaycan - Prezidentə müraciət

Hörmətli cənab Prezident.

Bəşəriyyətin qlobal COVID-19 pandemiyası ilə mübarizə apardığı, eləcə də pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına səy göstərdiyi bir dövrdə Azərbaycan həm də Ermənistanın təcavüzkar siyasətinin azğın hərbi-siyasi həmlələrini dəf etmək, işğal olunmuş əraziləri azad etmək kimi siyasi zərurətin şərtləndirdiyi ali missiyanı yerinə yetirməkdədir. Ermənistan hərbi birləşmələrinin Azərbaycanın dinc əhalisinə, yaşayış yerlərinə ardıcıl hərbi təcavüzü, həmlələri Azərbaycanın öz ərazilərini işğaldan azad etmək, öz əhalisini hərbi təcavüzdən qorumaq üçün anti-terror əməliyyatları kontekstində əks-həmlələr etməyə məcbur etmişdir.

Biz “İsveçrə Yəhudi Evi” təşkilatının Qafqaz üzrə nümayəndələri bəyan edirik ki, təmsil etdiyimiz təşkilat fəaliyyətimiz dövründə bu münaqişənin həllində, eləcə də Azərbaycanı ədalətli mövqeyində, legitim siyasi iradə və maraqlarında beynəlxalq miqyasda əməli olaraq dəstəkləmişik!

Münaqişədə eskalasiyanı kritik həddə çatdıran Ermənistan rəhbərliyi Cənubi Qafqazın sosial, siyasi, iqtisadi infrastrukturuna ziyan vurmaqla yanaşı bu ölkəni geri dönüşü olmayan fəlakətli bir situasiya ilə üz-üzə qoydu.

İnanırıq ki, Sizin hazırki siyasi qətiyyətiniz və xalqımızın mübariz ruhu, milli birliyi, ordumuzun qəhrəman döyüş əzmi sayəsində torpaqlarımız tam şəkildə işğaldan azad olunacaqdır. Bundan sonra da təşkilatımız və biz öz fəaliyyət sferamız və təsir imkanlarımızla Azərbaycanın ədalətli mövqeyinin istisnasız müdafiəsi istiqamətində əvvəl olduğu kimi bütün səylərimizi səfərbər edəcəyimizi bəyan edirik.

Hörmətlə,

İdrak Nəcəfov

Kamran Məmmədov

“İsveçrə Yəhudi Evi” təşkilatının Qafqaz üzrə nümayəndələri

Azərbaycan Respublikası, Şəki şəhəri.