Azərbaycanın yəhudi icmaları adından, Azərbaycanın yəhudi icmaları adından - Prezidentə müraciət

Azərbaycanın yəhudi icmaları adından, Azərbaycanın yəhudi icmaları adından - Prezidentə müraciət

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının yəhudi icmaları qısamüddətli savaşda erməni işğalçılarının silahlı birləşmələrinə güclü zərbə endirən Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı ilə əlaqədar dərin məmnunluq hissini ifadə edir.

Bizim ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış və yetişdirilmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda həlledici amil olduğunu təsdiq etdi. Müasir reallıqları nəzərə almaqla, münaqişə zamanı ölkə rəhbərliyinin doğru-düzgün, ölçülüb-biçilmiş və qətiyyətli addımları, habelə Sizin rəhbərliyiniz ilə ölkənin Silahlı Qüvvələrinin möhkəmləndirilməsi istiqamətində görülən uzun sürən gərgin iş bir daha dünyaya göstərdi ki, müvəqqəti itirdiyi əraziləri geri qaytarmaq və regionda möhkəm və ədalətli sülhü bərqərar etmək üçün Azərbaycanın yetərincə resursları və iradəsi var.

Tarixi uzun əsrləri əhatə edən Azərbaycanın yəhudi icmaları həmişə özlərini Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi hesab ediblər. Bizim dostluğumuz və əməkdaşlığımız ümumi itkilərimiz, sevincimiz və böyük nailiyyətlərimiz ilə möhkəmlənib. Azərbaycan xalqının ağrı-acısı hər birimizin ürəyini göynədib. Buna görə də bizim oğul və qızlarımız tərəddüdsüz olaraq canlarını Vətən yolunda fəda ediblər. Yəhudilər Azərbaycanın bütün xalqları ilə çiyin-çiyinə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzünə qarşı qəhrəmancasına döyüşüblər. Yəhudi icmasının nümayəndələri Dağlıq Qarabağın döyüş meydanlarında canlarından keçiblər. Onların arasında xatirələri daim qəlbimizdə yaşayacaq Azərbaycanın Milli Qəhrəmanı AlbertAqarunovun, Xaninin və başqalarının adlarını çəkmək olar. Əvvəllər olduğu kimi, bu gün də Azərbaycanın yəhudi vətəndaşları tam və qeyd-şərtsiz qələbə qazanmaq üçün Vətənimizin bayrağı altında yenidən döyüşməyə  hazırdırlar.

Azərbaycanın yəhudi icmaları qəti əminlik hissi ilə bildirirlər ki, 2016-cı ilin aprel hadisələri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ciddi danışıqların başlanğıcı olacaq. Ümidvarıq ki, işğal altındakı ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması sürətlə və səmərəli başa çatacaq.

Hörmətlə,

Azərbaycanın yəhudi icmaları adından:

Milix Yevdayev - Dağ yəhudiləri icmasının sədri,

Gennadi Zelmanoviç - Avropa yəhudiləri icmasının sədri,

Abik Çaruxçev - Gürcüstan yəhudiləri icmasının sədri